Zəhmət olmasa, “FINCA” təşkilatının Azərbaycandakı tarixi haqqında bizə məlumat verin
FINCA Azərbaycanda öz fəaliyyətinə 1998-ci ildən başlayıb və 25 ilə yaxındır ki ölkənin əksər rayonlarında mikro və kiçik biznes sahiblərinə maliyyə xidmətləri təklif edir. Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə “FINCA” təşkilatı hər zaman bölgələrdə sahibkarlara və təsərrüfatlara xüsusi diqqət yetirib və bu gün də əsasən Azərbaycanın kənd və regionlarında olan müştərilərə maliyyə xidmətlərinin göstərilməsinə diqqət yetirməyə davam edir. Biz əlbəttə ki, Bakı da daxil olmaqla şəhər yerlərində də xidmət göstəririk, lakin kredit portfelinin böyük hissəsi Abşeron yarımadasından kənarda qalır və biz regionlara olan diqqətimizin gələcəkdə də davam edəcəyini planlaşdırırıq. Biz maliyyə xidmətlərinə çıxışın artırılmasına şirkətimizin sosial missiyasının bir hissəsi kimi baxırıq və müştərilərimizin onlara xidmət etmək üçün bizə verdiyi şansı yüksək qiymətləndiririk.
2022-ci ildə FINCA Azerbaijan-ın əsas biznes nəticələri nə idi?
Pandemiyanın yaratdığı müxtəlif çağırışlar və əlavə olaraq dünya bazarında baş verən qeyri sabitlik ilə üzləşdikdən sonra hamımız üçün çətin, eyni zamanda güclü bir il oldu. Mən şadam ki, biz bu nəticəyə nail ola bilmişik və komandamız öz öhdəliklərinə sədaqətlə yanaşaraq, Azərbaycanda dayanıqlı gələcək qurmaq istəyində olan minlərlə kiçik sahibkarın həyatına təsir edə bilib.. Biz həmçinin coğrafi əhatəmizi genişləndirdik və keçən il üç yeni filial açdıq, bununla da ölkə ərazisində xidmət şəbəkəmizi 22 filialdan 25 filiala çatdırdıq. Planımıza əsasən, bütün yeni filialların Abşeron yarımadasının hüdudlarından kənarda yerləşdirilməsi şərti ilə, kənd və bölgələr yenə də bizim diqqətimizdə olacaq.
Müştəri xidmətlərini təkmilləşdirmək məqsədilə texnologiyanın istifadəsi və müştərilərlə qarşılıqlı əlaqə və ünsiyyət vasitələrinin sayının artırılması sayəsində, Ötən dövr ərzində, “FINCA Azerbaijan” təşkilatı müştərilərinin sayını 19,220-dən 25,517-yə çatdıraraq, bu istiqamətdə 33% artım əldə edə bilib. “FINCA Azerbaijan” təşkilatı ölkədə kiçik sahibkarlara və təsərrüfat sahiblərinə dəstək məqsədilə 63 milyon AZN mikro kredit ayırıb.
”FINCA Azerbaijan” təkcə müştəri portfelini deyil, həm də göstərilən maliyyə xidmətləri ilə bağlı müştəri məmnuniyyətini artıra bilib. İlin ikinci yarısında aparılan geniş miqyaslı müştəri sorğusunun nəticələri onu göstərir ki, müştərilərin 90%-i “FINCA Azerbaijan”-ın xidmətlərini başqalarına tövsiyə etməyə hazırdır.
“FINCA Azerbaijan” üçün biznesin rəqəmsal transformasiyası hansı mərhələdədir?
Müştəri xidmətlərini yaxşılaşdırmaq, biznesin səmərəliliyini artırmaq və müştərilərimizlə qarşılıqlı əlaqə və ünsiyyət kanallarının sayını çoxaltmaq üçün texnologiyadan istifadə etməyə davam edirik. Müsahibəmin əvvəlində mən rəqəmsal texnologiya modeli və ehtiva etdiyi bütün çağırışları qeyd etdim, lakin eyni zamanda, rəqəmsallaşdırma ənənəvi biznes və əməliyyat proseslərində müştərilərə çətinlik yaradan bəzi addımları təkmilləşdirmək üçün həm də də əla bir fürsətdir. Rəqəmsallaşma daha az resursla daha çox nəticə əldə etməyə imkan verir ki, qənaət olunan resurslar digər mühüm sahələr üçün də istifadə edilsin, buradan yaranan effektivlik müştərilərə mikromaliyyə xidmətlərinin göstərilməsində böyük imkanlar yarada bilər. Bundan başqa, qərar qəbul etmək üçün məlumat bazalarından (data)istifadə müştərilərlə, xüsusən də kredit qərarları ilə münasibətdə subyektivliyin çox hissəsini aradan qaldırır ki, bu da nəticədə həm biznes, həm də müştəri üçün daha yaxşı uzunmüddətli və müsbət nəticə verir. Son olaraq onu da qeyd edim ki, bizim işimiz şirkət və müştərilər arasında qarşılıqlı əlaqədən ibarətdir və məhz bu baxımdan rəqəmsallaşma lazımsız və ya bürokratik addımları aradan qaldıraraq müştəriyə daha yaxşı təcrübə yaşatmaq, o cümlədən, müştəri ilə qarşılıqlı ünsiyyəti yaxşılaşdırmaq və təkmilləşdirmək üçün bir fürsətdir.
FINCA istiqrazları – maliyyələşmə üçün yeni alətdir. Bunu nə üçün etdiniz və təxminləriniz nədir?
Əslində, Azərbaycanda ilk istiqraz emissiyamız hələ 2013-cü ildə özəl yerləşdirmə kimi baş verib. 2021-ci ildə biz yeni tərəfdaşlıqlar və böyüməkdə olan maliyyə bazarının verdiyi faydalardan yararlanaraq, istiqrazları ictimaiyyətə açıq yerləşdirmək qərarına gəldik. Biz bu vəsaitlərdən şəbəkəmizin genişləndirilməsini maliyyələşdirmək və maliyyə xidmətlərinə məhdud çıxışı olan kənd icmalarına xidmət göstərmək məqsədi ilə istifadə edəcəyik. Qarşıdakı bir neçə il ərzində planımız maliyyələşdirmə səbətində istiqrazların sayını artırmağa davam etməkdir.
Azərbaycanda biz böyük imkanlar görürük, son 25 ildir biz bu ölkədə fəaliyyət göstəririk və gələcək illərdə də fəaliyyətlərimizi genişləndirməyi nəzərdə tuturuq. Bizim ümdə məramımız yerli istiqraz bazarına daxil olmaqla növbəti illərdə biznesimizin böyüməsini maliyyələşdirmək və bununla bölgələrdə yaşayan daha çox insanın mikromaliyyə məhsullarımızdan yararlana bilməsi üçün şəbəkəmizi böyütmək kimi iddialı planlarımızı reallaşdırmaqdır.
Bu gün yerli iqtisadiyyatda və qeyri-neft sektorunun artımında kənd təsərrüfatı sektorunun əhəmiyyəti xüsusi vurğulanır, kənd yerlərində sahibkarların dəstəklənməsinə böyük diqqət yetirilir. Bu istiqrazlar bizə bu məqsədlərə çatmağa kömək edir, böyüməyimizi təmin edir, nəticə etibarilə, müştərilərimizin böyüməsinə təkan verir və nəhayət bu, təkcə bizim üçün deyil, həm də müştərilərimiz və ümümi bazar üçün yaxşı
nəticələr yaradır. Bu, həmçinin əhalinin aztəminatlı qruplarının, xüsusən də kənd yerlərində onların təsərrüfatlarının yaxşılaşdırılması üçün maliyyəyə çıxışı imkanlarının artırılmasına öz töhfəsini verir.
Son 15 ayda “FINCA” təşkilatı dörd istiqraz buraxılışı nəticəsində yerli investorlardan 12 milyon manat məbləğində vəsaiti uğurla cəlb edə bilib. Bizim faizli, təminatsız, sənədsiz, adlı istiqrazların sonuncu yerləşdirməsinin ümumi dəyəri 3 milyon manat məbləğində olub. Ümumi yerləşdirmənin həcmi hər birinin nominal dəyəri 100 manat olmaqla, illik 12,5% dərəcəsinə malik və faizin ödənişi 2 il ərzində rüblük əsasda ediləcək 30 000 istiqrazdan ibarətdir. İstiqrazların yerləşdirilməsinin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Yerli investorların istiqrazlarımıza artan marağını görməyə şadıq, ona görə də FINCA Azerbaijan 2023-cü ilin iyun ayında 4 milyon manat həcmində növbəti tranşı buraxmağı planlaşdırır.
Siz ölkədə mikro kredit bazarını necə qiymətləndirirsiniz?
Son bir neçə ildir ki, mikro-kredit bazarı güclü dəyişikliklər dövrü keçir, çünki köhnə iştirakçılar çıxır və bazara yeniləri daxil olur. Mən mikromaliyyə xidmətlərinin ən böyük faydası kimi müştərilərə verilən “imkan”ı görürəm ki, bunun sayəsində onlar öz yaşayış şərtlərini yaxşılaşdıra, ailələrinin gələcəyini daha yaxşı planlaşdıra və maliyyə baxımından gələcəkləri üzərində daha çox nəzarət imkanı əldə edə bilərlər. Biz hələ də bölgələrdə fermerlərin və kənd təsərrüfatı istehsalçılarının maliyyə xidmətlərinə çıxışının artırılmasına böyük ehtiyacın olduğunu görürük, bununla onlar öz bizneslərini inkişaf etdirmək və ailələrinin gəlirlərini və qənaət etdikləri vəsaitləri artırmaq üçün onlara lazım olan maddi vəsaitləri əldə edə bilərlər. Bəzən bizim xidmətlərdən 5, 10 və ya hətta 20 il yararlanmış müştərilərlə görüşmək və tərəfdaşlarımız olaraq onların bizneslərinin və yaşayış tərzinin necə yaxşılaşdığını görmək və baş vermiş həqiqi dəyişikliyin şahidi olmaq bizi duyğulandırır. Bu baxımdan, bazar dəyişsə də, kənd yerlərində təsərrüfatların maliyyəyə çıxış imkanlarının tədricən artması ilə bağlı böyük müsbət irəliləyişlər qeydə alınır. Biz hər zaman müştərilərimizin müsbət həyat hekayəsinin bir hissəsi olmağa və həyat şərtlərini yaxşılaşdırmaqda onlara dəstək olmağa olduqca israrlıyıq.