21-23 yanvar 2015-ci il tarixlərində FINCA Azerbaijan-ın Audit Departamenti (FINCA Azerbaijan Qlobal Korporativ Audit) öz əməkdaşlari üçün “FINCA Azerbaijan-ın daxili audit departamentində Daxili Auditorlar İnstitutunun (DAİ, ABŞ) son yeniliklərinin tətbiqi imkanları, 2015-ci ilin Audit Planının icra perspektivləri və gözləntiləri, Azərbaycan Respublikasının 2014-cü il üzrə iqtisadi-sosial göstəriciləri mövzusunda 3 günlük interaktiv təlim/seminar keçirmişdir. Seminarda həmçinin müasir qlobal dünyada, o cümlədən FINCA Azerbaijanda Daxili Auditin gündəlik rastlaşdığı məsələlər də təhlil olunmuş, həmin qaldırılan məsələlərin aktuallığı və əhəmiyyəti nəzərə alınaraq seminarın leytmotivi – “Daxili Audit: Reallıqlar və Miflər” kimi müəyyən edilmişdir.
Tədbirin bir günü – 23 yanvar 2014-cü il tarixi bütün FINCA Azerbaijan-ın işçiləri üçün açıq elan olunmuş və onların iştirakı ilə yuxarıda göstərilən mövzuları əhatə edən “Daxili Audit: Reallıqlar və Miflər” adlı tədbir təşkil edilmişdir. Tədbirin hədəfləri kimi, auditorlar ilə təşkilatın müxtəlif vəzifədə çalışan əməkdaşları arasında əks əlaqənin (feedback) inkişaf etdirilməsi vasitəsilə Daxili Audit haqqında təəssüratın, təsəvvürün genişləndirilməsi, audit prosesində tərəflər arasında meydana çıxa bilən problemlər və onların həlli yolları imkanlarının araşdırılması nəzərdə tutulmuşdu.
Seminarın gedişatında adı çəkilən hədəflərin məqsədlərinə uyğun olaraq aşağıda adları göstərilən müxtəlif mövzularda təqdimatlar göstərilmiş, daxili auditin əsas elementlərindən biri olan risklərin idarə olunması ilə bağlı praktiki misallar interaktiv şəkildə həll edilmişdir:
- “Daxili Audit Departamentinin strukturu və fəaliyyəti”, “DAİ-nin son yenilikləri və 2014-2015-ci illər üzrə Audit Planın icrası və gözləntiləri” (aparıcı: Xosrov Axundov, Baş Daxili Auditor, Audit Departamentinin müdiri səlahiyyətlərinin icraçısı);
- “Daxili Audit haqqında 5 klassik mif və reallıqlar”, “Risklərin idarə olunmasında daxili auditin rolu” (aparıcı: Elman Muradov, Baş Daxili Auditor);
- “2014-cü ilin əsas audit tapıntıları (aparıcılar: Tünzalə Aslanova, Daxili Auditor və Səbinə Manafova, Daxili Auditor).
Tədbirin sonunda iştirakçılar ilə interaktiv əks əlaqə (feedback) inkişaf etdirilərək sorğu vasitəsilə bəhs edilən mövzuların aktuallığı və əhatəliyi haqqında ilkin fikirlər alınmışdır. İştirakçılar arasında keçirilən sorğunun nəticələri gələcəkdə də bu tip seminarların keçirilməsinə böyük ehtiyacın olduğunu önə çəkmiş, daxili auditorlar ilə təşkilatın digər əməkdaşları arasında qarşılıqlı etimad və inam mühitini daha da inkişaf etdirilməsi zərurəritini meydana çıxarmışdır. Seminarın hədəflərinin müəyyən etdiyi nəticələrə əsasən auditorlar tərəfindən belə seminarların müxtəlif (Baş ofis və regionlarda) səviyyədə filial, departament, şöbə və bölmə menecerləri arasında da aparılması qərara alınmışdır.
Daxili Audit Departamenti daxili audit üzrə maarifləndirilmənin FINCA Azerbaijan-da inkişaf etdirilməsi istiqamətində səylərini artıracağını, Azərbaycan Respublikasında iqtisadi-sosial savadlılığın təbliğatı ilə bağlı yeni layihələrə imza atacağını bir daha bəyan edir.