Bakı, 03.02.2023 – Mikro-maliyyə sahəsində aparıcı təşkilat olan “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının (QBKT) kredit portfeli 2022-ci ildə 50 milyon manatı keçib və kredit satışlarında 39% artım müşahidə edilib.

Müştəri xidmətlərini təkmilləşdirmək məqsədilə texnologiyanın istifadəsi və müştərilərlə qarşılıqlı əlaqə və ünsiyyət vasitələrinin sayının artırılması sayəsində, “FINCA Azerbaijan” təşkilatı müştərilərinin sayını 19220-dən 25517-yə çatdıraraq, bu istiqamətdə 33% artım əldə edə bilib. İl ərzində “FINCA Azerbaijan” təşkilatı ölkədə kiçik sahibkarlara və təsərrüfat sahiblərinə dəstək məqsədilə 63 milyon AZN mikro kredit ayırıb.

“Pandemiya sonrası müxtəlif  cağırışlar və əlavə olaraq  dünya bazarında baş verən dalğalanma  ilə üzləşdikdən sonra hamımız üçün çətin, eyni zamanda güclü bir il oldu. Mən şadam ki, biz bu nəticəyə nail ola bildik və komandamız öz öhdəliklərinə sədaqətlə yanaşaraq, Azərbaycanda öz dayanıqlı gələcəyini qurmaq istəyən minlərlə kiçik sahibkarın həyatına təsir edə bilib,” deyə, “FINCA Azerbaijan” təşkilatının direktoru Timoti Tarrant bildirib. “Biz həmçinin coğrafi əhatəmizi genişləndirdik və keçən il üç yeni filial açdıq, bununla da ölkə ərazisində xidmət şəbəkəmizi 25-ə çatdırdıq. Bundan əlavə, bu il də kənd və bölgələr bizim diqqətimizdə olacaq və bu günkü mövqeyimiz imkan verir ki, bu il də dayanıqlı inkişaf tədbirlərinə davam edə bilək.”

2022-ci ilin nəticələrinə əsasən,”FINCA Azerbaijan” təkcə müştəri portfelini deyil, həm də göstərilən maliyyə xidmətləri ilə bağlı müştəri məmnuniyyətini artıra bilib. İlin ikinci yarısında aparılan geniş miqyaslı müştəri sorğusunun nəticələri onu göstərir ki, müştərilərin 97%-i “FINCA Azerbaijan”nın xidmətlərini başqalarına tövsiyə etməyə hazırdır.

 

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 17 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.

 

“FINCA Azerbaijan” təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat üçün https://finca.az/ saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.