Bakı, 10.08.2022 – 2022-ci ilin avqustun 2-dən 5-nə kimi “FINCA Azerbaijan”ın Müşahidə Şurasının üzvləri baş ofisə səfər edib, Azərbaycanın bu aparıcı bank olmayan kredit təşkilatının biznes fəaliyyətinin inkişafı imkanlarını və mikromaliyyə seqmentində gələcək perspektivlərini müzakirə etmək üçün rəhbərlik və heyət üzvləri ilə görüşlər keçiriblər.

Müşahidə Şurasının sədri Zar Vardakın sözlərinə görə, “FINCA Azerbaijan” bütün dünya üzrə FINCA şəbəkəsində unikal rol oynayır və mövcud biznes çağırışlarına baxmayaraq, o rəqəmsal biznes proseslərini uğurla həyata keçirməyə nail olmaqla yanaşı bazarın artan tələblərinə uyğunlaşaraq yüksək müştəri xidməti təşkil etməyi bacarıb.

Həmçinin səfər çərçivəsində “FINCA Azerbaijan”ın Müşahidə Şurasının üzvlərindən və rəhbərliyindən ibarət nümayəndə heyəti Şabran rayonunda fəaliyyət göstərən filialı ziyarət edib və kənd təsərrüfatı ilə məşğul olan müştərilərlə görüşərək onların biznes fəaliyyətləri ilə yaxından tanış olublar.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid olan 18 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyon müştəriyə xidmət göstərən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün www.finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.