19-03-2024

FINCA Azerbaijan Müştəri Mühafizəsi Sertifikatının Qızıl səviyyəsinə layiq görülüb

Bakı şəhəri, 14 Mart 2024-cü il

Maliyyə xidmətlərinə məhdud çıxış imkanı olan əhali qrupuna maliyyə xidmətləri göstərən aparıcı mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Müştəri Mühafizəsi Sertifikatının Qızıl səviyyəsinə layiq görüldüyünü qürur hissi ilə bəyan edir.

“FINCA Azerbaijan”-ın ilk dəfə 2015-ci ildə MicroFinanza Rating (MFR) Agentliyindən əldə etdiyi nüfuzlu Müştəri Mühafizəsi Sertifikatı hazırda yenilənmiş formada təqdim edilir və bu sertifikatın qazanılması onu göstərir ki, “FINCA Azerbaijan” öz əməliyyatlarında müştərilərin mühafizəsi sahəsində ən yüksək standartların tətbiq edilməsi öhdəliyinə sadiqdir.

FINCA Azerbaijan-ın missiyası olaraq fərdlərin və ev təsərrüfatlarının daha çox imkanlar əldə etməsinə köklənən maliyyə xidmətlərinin özəyində müştəri maraqlarının qorunması durur. Etik və müştərilərin mühafizəsi standartlarına ciddi riayət edən “FINCA Azerbaijan” təşkilatı müştərilərin inamını qazanmaq və onların maraqlarını qorumaq baxımından nə qədər sadiq bir təşkilat olduğunu artıq nümayiş etdirib. Təşkilat sözügedən sertifikatlaşma prosesindən keçməklə özünün nə qədər məsuliyyətli və şəffaf bir qurum olduğunu göstərib və bununla da ölkədə etibarlı maliyyə tərəfdaşı mövqeyini daha da möhkəmləndirib.

“Biz MicroFinanza Rating agentliyi tərəfindən Müştəri Mühafizəsi Sertifikatının Qızıl səviyyəsinə layiq görülməyimizdən qürur hissi duyuruq” – deyə “FINCA Azerbaijan”-ın Ölkə üzrə direktoru Timoti Tarrant bildirib. “Bu uğur bir daha onu göstərir ki, bizim üçün müştərilərimizin ehtiyacları ön planda durur və onlara xidmət zamanı ən yüksək etik davranışlar nümayiş etdiririk. Bu gün də bizim əsas məramımız maliyyə inklüzivliyini artırmaq və eyni zamanda müştərilərimizin rifahını və maraqlarının mühafizəsinı təmin etməkdir.”

MicroFinanza Rating Agentliyinin təqdim etdiyi Müştəri Mühafizəsi üzrə Sertifikatlaşdırma proqramı hərtərəfli qiymətləndirmə çərçivəsidir və mikromaliyyə təşkilatlarının müştərilərin mühafizəsi sahəsində beynəlxalq səviyyədə tanınmış prinsiplər toplusuna sadiqliyini dəyərləndirir. Bu sertifikatlaşdırma prosesi idarəçilik, şəffaflıq, məsuliyyətli qiymətqoyma və müştərilərlə ədalətli davranış kimi fəaliyyətlərin hərtərəfli qiymətləndirilməsini ehtiva edir.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. 1999-ci ildən Azərbaycanda rəsmi fəaliyyət göstərən “FINCA Azerbaijan” QBKT “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumatı *2525 çağrı mərkəzinə, finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edərək əldə etmək mümkündür.