30-03-2023

FINCA Azerbaıjan maliyyəyə çıxışı artırmaq üçün yerli investorları cəlb etməyə davam edir

Bakı, 28.03.2023 – Ölkənin aparıcı mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” 16 mart, 2023-cü il tarixində Bakı Fond Birjasında (BFB) 3 milyon AZN məbləğində faizli, təminatsız, sənədsiz, adlı istiqrazların dördüncü yerləşdirməsini həyata keçirib. Ümumi yerləşdirmənin həcmi hər birinin nominal dəyəri 100 manat olmaqla, illik 12,5% dərəcəsinə malik və faizin ödənişi 2 il ərzində rüblük əsasda ediləcək 30 000 istiqrazdan ibarətdir.

Son iki il ərzində “FINCA” təşkilatı dörd buraxılış nəticəsində yerli investorlardan 12 milyon AZN məbgləğində vəsaiti uğurla cəlb edə bilib.

“Azərbaycanda biz böyük imkanlar görürük, son 25 ildir biz bu ölkədə fəaliyyət göstəririk və gələcək illərdə də fəaliyyətlərimizi genişləndirməyi nəzərdə tuturuq. Bizim ümdə məramımız yerli istiqraz bazarına daxil olmaqla növbəti illərdə biznesimizin böyüməsini maliyyələşdirmək və bununla bölgələrdə yaşayan daha çox insanın mikromaliyyə məhsullarımızdan yararlana bilməsi üçün şəbəkəmizi böyütmək kimi iddialı planlarımızı reallaşdırmaqdır.

Bu gün yerli iqtisadiyyatda və qeyri-neft sektorunun artımında kənd təsərrüfatı sektorunun əhəmiyyəti xüsusi vurğulanır, kənd yerlərində sahibkarların dəstəklənməsinə böyük diqqət yetirilir. Bu istiqrazlar bizə bu məqsədlərə çatmağa kömək edir, böyüməyimizi təmin edir, nəticə etibarilə, müştərilərimizin böyüməsinə təkan verir və nəhayət bu, təkcə bizim üçün deyil, həm də müştərilərimiz və ümümi bazar üçün yaxşı nəticələr yaradır. Bu, həmçinin əhalinin aztəminatlı qruplarının, xüsusən də kənd yerlərində onların təsərrüfatlarının yaxşılaşdırılması üçün maliyyəyə çıxışı imkanlarının artırılmasına öz töhfəsini verir”, – “FINCA Azerbaijan”ın baş direktoru Timoti Tarrant vurğulayıb.

İstiqrazların yerləşdirilməsinin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. İstiqraz alışında iştirak etmək istəyən investorlar bu investisiya şirkətlərinə müraciət edə bilərlər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.