29-06-2022

FINCA Azerbaijan Bazarda İsti̇qrazlarinin Həcmi̇ni̇ Artirib

Bakı, 29.06.2022 – Ölkənin aparıcı mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” 2022-ci il iyunun 28-də Bakı Fond Birjasında (BFB) 3 milyon manat məbləğində faizli, təminatsız, sənədsiz adlı istiqrazların üçüncü yerləşdirməsini keçirtmişdir. Son altı ayda BFB dəstəyilə yerli investorlardan 6 milyon manat uğurla cəlb edən bu tanınmış qeyri bank kredit təşkilatı üçün bu ardıcıl olaraq üçüncü istiqraz yerləşdirilməsidir.

“Azərbaycanda 20 ildən artıq fəaliyyət göstərərək, bazarda istiqrazlara kifayət qədər tələbatın olduğunu gördük, ona görə də biz təkcə böyüməmizi maliyyələşdirmək üçün deyil, həm də müştərilərimizin bizneslərini inkişaf etdirməsinə dəstək olmaq üçün yerli istiqraz bazarına çıxışı davam etdirmək qərarına gəldik”,- “FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant vurğulayıb.

“FINCA Azerbaijan” 2022-ci ildə fəaliyyətinin səmərəliliyini artırmağa davam edərək, bu ilin sonuna qədər regional filiallarının sayını 22-dən 28-ə çatdırmağı planlaşdırır.

İstiqrazların yerləşdirilməsinin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. İstiqraz alışında iştirak etmək istəyənlər BFB üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid olan 18 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün www.finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.