08-04-2025
FINCA Azerbaijan Ağdaşda Aqrar Biznes Festivalında iştirak edib və maliyyə savadlılığı tədbiri təşkil edib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar Biznes Festivalının növbəti mərhələsi bu dəfə 5 aprel 2025-ci il tarixində Ağdaş rayonunda keçirilib. Festivalda Yuxarı Şirvan iqtisadi rayonuna daxil olan Ağdaş, Ucar, Göyçay və Zərdab rayonlarından yüzlərlə fermer və sahibkar iştirak edib. Tədbirdə kənd təsərrüfatı məhsulları, müasir texnika və innovativ həllər sərgilənib, eyni zamanda qadın sahibkarların iştirakı ilə satışlar da təşkil olunub.
FINCA Azerbaijan festivalda iştirak edərək, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla birbaşa ünsiyyətdə olub və onlara kredit məhsulları, güzəştli maliyyələşmə imkanları və digər maliyyə həlləri barədə ətraflı məlumat təqdim edib.
Festivaldan əlavə olaraq, FINCA Azerbaijan tərəfindən Ağdaş rayonunda ayrıca Maliyyə Savadlılığı Tədbiri də təşkil edilib. Bu tədbirin məqsədi sahibkarların və yerli əhalinin maliyyə biliklərinin artırılması olub. Təlim zamanı iştirakçılara büdcə planlaması, kreditlərin düzgün idarə olunması və maliyyə intizamı haqqında praktiki məlumatlar verilib.
FINCA Azerbaijan olaraq, bölgələrdəki icmaların həm maliyyə biliklərini artırmaq, həm də daha dayanıqlı sahibkarlıq mühitinin formalaşmasına töhfə vermək üçün fəaliyyətimizi davam etdiririk.



